Tərtər rayonu Suqovuşan su anbarı

Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən
qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılıb.
Kanalların yenidən qurulması Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamına əsasən həyata
keçiriləcək.
Tərtər rayonunun Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarının
ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular işğaldan
əvvəl su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas
magistral kanala, kanalın 5,2 kilometrdən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20
kubmetr olan Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. Suqovuşan su anbarı 28 il ərzində işğal
altında olduğundan Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının, ümumilikdə, 96
min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Azərbaycan Ordusu
tərəfindən Suqovuşan kəndinin azad edilməsi ilə bu ərazilərin su təminatındakı çətinliklər aradan
qaldırılacaq.
Layihələndirmə işləri başa çatdırıldıqdan sonra Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən
qurulmasının qısa vaxtda həyata keçirilməsi nəzərdə tutulur. Bu kanalların yenidən qurulması ilə Tərtər,
Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı
yaxşılaşdırılacaq. Bu isə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına,
kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə səbəb olacaq.